Meksikada futbolçu Luis Çaves həvəskar komandalar arasında keçirilən oyun zamanı silahlı hücuma məruz qalaraq öldürülüb.
Arena.az xəbər verir ki, bu barədə “TV Azteca” məlumat yayıb.
Bildirilir ki, 26 yaşlı futbolçu matç zamanı motosikletlərlə hadisə yerinə gəlmiş silahlı şəxslərin hücumuna məruz qalıb. Çaves güllə yaralarından həyatını itirib. Hadisə nəticəsində daha bir nəfərin də yaralandığı bildirilir.
Luis Çaves karyerasının əvvəlki dönəmində Meksika çempionatının üçüncü divizionunda çıxış edən “Atletiko San-Fransisko-del-Rinkon” klubunun formasını geyinib. Son vaxtlar isə o, həvəskar səviyyədə “Arandas” klubunda oynayıb.
Hadisənin motivləri və hücum edən şəxslərin kimliyi ilə bağlı əlavə məlumat verilməyib. Meksika hüquq-mühafizə orqanlarının hadisə ilə bağlı araşdırma apardığı bildirilir.
Qeyd edək ki, Meksikada futbolçular və idmançılar tez-tez belə silahlı hücumlara məruz qalırlar.


