Lüsyen Favr “Nitsa”da ümidləri doğrultmadı, istefaya göndərildi

Fransanın “Nitsa” komandasının baş məşqçisi Lüsyen Favr istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub rəhbərliyi komandanın mövsümə uğursuz başlamasını baş məşqçiyə bağışlamayıb. Nəticədə təcrübəli mütəxəssis postundan uzaqlaşdırılıb. Ardıcıl iki heç-heçənin ardından ilin ilk oyununda “Renn”ə məğlubiyyət, ardınca kubokda aşağı dəstə təmsilçisinə yenilgi səbri daşıran son damla olub. Liqa 1-də 17 oyuna cəmi 5 qələbə qazanmasına görə məşqçi ilə yollar ayrılıb. Klub rəhbərliyi ciddi transferlər edib iddiasını artırmaq istəyirdi. Lakin Favr ümidləri doğrultmayıb.

Lüsyen Favr cəmi 6 ay “Nitsa”ya rəhbərlik edib. 26 oyunluq marafonda o, əvvəlki – Dortmund “Borussiya”sındakı uğurlarını təkrarlaya bilməyib. 26 oyunda bu komanda cəmi 8 qələbə qazanıb, 9 heç-heçə edib və 9 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Favr daha öncə də “Nitsa”ya rəhbərlik edib. O, 2016-2018-ci illər aralığında da sözügedən komandanın baş məşqçisi olub. Sonuncu iş yeri Dortmund “Borussiya”sı olan təcrübəli mütəxəssis, Almaniyada Mönhenqladbax “Borussiya”sına və “Herta”ya da rəhbərlik edib. O, “Exallens”, “İverdon Sport”, “Servett” və “Sürix” komandalarının da baş məşçqisi olub.

Xəbəri paylaş:
Bizi izləyin: