İtaliyanın “Leççe” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, A Seriyası təmsilçisi “Çittadella”dan müdafiəçi Tommazo Kassandronu transfer edib.
Elita təmsilçisi bu transfer üçün B Seriyası klubuna 400 min avro ödəyib. İtaliyadan olan 23 yaşlı müdafiəçi yeni klubu ilə 2.5+2 illik müqaviləyə imza atıb.
Tommazo Kassandro “Bolonya”nın yetirməsidir. O, “Çittadella”dan öncə “Novara”da da oynayıb. 2020-ci ildən “Çittadella”da çıxış edən müdafiəçi, bu komandada 60 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Kassandro yeni komandasında 84 nömrəli formanı geyinəcək.
“Leççe” öz yarımmüdafiəçisi Con Byorkenqren ilə hücumçu Pablo Rodriqesi də icarəyə göndərib. Hər iki futbolçu bu mövsümün sonuna kimi “Breşiya”da icarədə olacaq.
İspaniyadan olan Pablo Rodriqes Madrid “Real”ının yetirməsidir. 21 yaşlı forvard 2020-ci ildə transfer olunduğu İtaliya klubunda indiyə qədər 51 oyuna çıxıb, 8 qol vurub və 5 məhsuldar ötürmə müəllifi olub.
Con Byorkenqren isə peşəkar karyerasına İsveçin “Falkenberq” klubunda başlayıb. İsveçdən olan 24 yaşlı yarımmüdafiəçi 2020-ci ilin oktyabrından formasını geyindiyi “Leççe”də 52 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Byorkenqren İsveçin U-20 və U-21 yığmalarında da oynayıb.


