Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın “Ersgebirge” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu 3-cü Liqanın 24-cü turu çərçivəsində baş tutan “Saarbrüken”lə qarşılaşmanın iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Aue təmsilçisi üç qolun qeydə alındığı bu matçdan qələbə ilə ayrılıb – 2:1.
Dmitri Nazarov bu matçın start heyətində meydana çıxıb və 85-ci dəqiqədə əvəzlənib. Komandasının ilk qolunu da yığmamızın futbolçusu vurub. O, 48-ci dəqiqədə fəfqlənməklə cari mövsümdə vurduğu qolların sayını 5-ə çatdırıb. Yarımmüdafiəçi 43-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Aue təmsilçisi geridə qalan 24 turda 8 qələbə qazanıb, 6 heç-heçə edib və 10 qarşılaşmada məğlub olub. Çox uğursuz mövsüm keçirməsinə baxmayaraq, ardıcıl üçüncü qələbəsini rəsmiləşdirən bu komanda hazırda 30 xalla 20 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.


