Basketbol üzrə Azərbaycan kubokunda yarımfinalçılar bəlli oldu

Bu gün basketbol üzrə Azərbaycan kubokunda 2022/23 mövsümünün qrup mərhələsinin oyunlarına yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə də bütün görüşlər “Sərhədçi” İdman Mərkəzində baş tutub.

A qrupu çərçivəsində əvvəlcə “Sabah” və “AAAF Xırdalan” komandaları üz-üzə gəliblər. Xırdalan təmsilçisi bu oyundan 85:82 hesablı qələbəyə sevinib. Qalib komandanın heyətində Devin Pullum ən məhsuldar basketbolçu olub – 25 xal, 7 asist. “Sabah”ın heyətində isə Kamran Məmmədov (14 xal, 6 ribaund) fərqlənib.

Qrupun digər oyununda “Gəncə” və “Sərhədçi” komandaları qarşılaşıblar. Əvvəlki iki oyunundan qalib ayrılmış gəncəlilər qrupdakı son matçda məğlubiyyətə üzülüblər – 75:80. “Gəncə”nin ən məhsuldar basketbolçusu Əkbər Məmmədov olub – 20 xal, 25 ribaund. “Sərhədçi”dən isə Trevor Blekmon özündən söz etdirib – 16 xal, 1 ribaund.

Bu nəticələrdən sonra “Gəncə” qrup lideri, “AAAF Xırdalan” isə qrup ikincisi kimi növbəti mərhələyə yüksəlib. “Sabah” və “Sərhədçi” komandaları isə qrupda qalıblar və mübarizəni dayandırıblar.

B qrupunda NTD ilə “Zirvə Astara”nın görüşü daha gərgin keçib. Bu matçda NTS 104:103 hesablı qələbəyə sevinib. Qalib komandanın heyətində ən məhsuldar basketbolçu Londel Kinq olub – 19 xal, 15 ribaund. “Zirvə Astara”da isə Ruşard Kruikşenk fərqlənib – 51 xal, 9 ribaund.

Qrupun digər görüşü “Olimpik Şəki” ilə “Neftçi” arasında keçirilib. Paytaxt təmsilçisi Şəki klubunu 100:74 hesabıyla məğlub edib. “Olimpik Şəki”də Larri Robinson ən məhsuldar oyunçu olub – 24 xal, 7 asist. “Neftçi”də isə Zaur Quşanov diqqət mərkəzinə düşüb – 19 xal, 3 asist.

B qrupundan da NTD birinci, “Neftçi” İK isə ikinci yerlə yarımfinala yüksəlib.

Xatırladaq ki, basketbol üzrə Azərbaycan kubokunda yarımfinal oyunları martın 25-də keçiriləcək. Finala vəsiqə uğrunda “Gəncə” “Neftçi”ylə, NTD isə “AAAF Xırdalan”la mübarizə aparacaq.

A qrupu

  1. Gəncə (2-1) – 5 xal
  2. AAAF Xırdalan (2-1) 5
  3. Sabah (1-2) 4
  4. Sərhədçi (1-2) 4

B qrupu

  1. NTD (3-0) 6
  2. Neftçi İK (2-1) 5
  3. Zirvə Astara (1-2) 4
  4. Olimpik Şəki (0-3) 3
Xəbəri sosial şəbəkələrdə paylaş: