Futbol üzrə Almaniya Bundesliqasında mübarizə aparan “Herta” klubunda baş məşqçi Sandro Şvarts istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə elita təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Şvartsın istefasına komandanın uğursuz çıxışı səbəb olub. Son olaraq fevral ayına “Auqsburq”la ev oyunundan (2:0) qalib ayrılmış Berlin təmsilçisi, Bundesliqada 6 oyun idi 3 xala həsrət idi. Komanda bu oyunlarda cəmi 2 heç-heçə edib və 4 məğlubiyyətə üzülüb. Son olaraq çempionatın aşkar autsayderi “Şalke”yə 2:5 hesablı məğlubiyyət klub rəhbərliyinin səbr kasasını daşırıb. Hansı ki, bu məğlubiyyətdən sonra məhz “Herta” sonuncu pilləyə yuvarlanıb. 28 oyundan sonra berlinlilərin hesabında cəmi 22 xal var.
Xatırladaq ki, Sandro Şvarts 2022-ci ilin iyul ayından “Herta”ya rəhbərlik edirdi. Almaniyadan olan 44 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 29 oyuna çıxarıb. Berlinlilər bu görüşlərdə cəmi 5 qələbə qazanıb, 7 heç-heçə edib və 17 məğlubiyyətə üzülüblər.
Artıq “Herta”nın yeni baş məşqçisi də məlumdur. Berlin təmsilçisi yenidən sabiq çalışdırıcısı Pal Dardai ilə anlaşıb. Klubun rəsmi saytı 47 yaşlı mütəxəssislə bu mövsümün sonuna qədər müqavilə imzalandığını açıqlayıb.
Pal Dardai “Herta” üçün tanış məşqçidir. Macarıstandan olan mütəxəssis daha öncə də iki dəfə bu komandaya rəhbərlik edib. O, ilk dəfə 2015-2019-cu illər aralığında “Herta”nın baş məşqçisi olub. Macar mütəxəssis son olaraq 2021-ci ilin yanvar-noyabr ayları aralığında Berlin komandasını çalışdırıb. Dardai bu komandanı daha öncə 203 oyuna çıxarıb. Bu görüşlərdə 74 qələbə, 52 heç-heçə və 77 məğlubiyyət qeydə alınıb.
Xatırladaq ki, “Herta” növbəti matçını aprelin 22-də “Verder”ə qarşı keçirəcək.


