AÇ-2024: Azərbaycan millisi Bakıda Estoniya ilə üz-üzə

Futbol üzrə Azərbaycan milli komandası bu gün AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.

Arena.az xəbər verir ki, Canni De Byazinin çalışdırdığı kollektiv F qrupundakı 3-cü sınağında Estoniya yığmasını qəbul edəcək.

Mərdəkandakı “Dalğa Arena” keçiriləcək oyunu Çexiyadan olan FIFA referisi Andrey Berka idarə edəcək.

Xatırladaq ki, Azərbaycan millisi qrupda daha əvvəl keçirdiyi matçlarda Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə uduzub. Estoniya yığması isə hələlik bir oyun keçirib ki, həmin matçda da Avstriyaya 1:2 hesabıyla məğlub olub.

Bu gün F qrupu çərçivəsində daha bir oyun baş tutacaq. Keçirdiyi əvvəlki iki oyundan maksimum nəticə ilə ayrılmış Avstriya yığması Belçikanın qonağı olacaq.

Maraq üçün qeyd edək ki, Estoniya yığması Azərbaycan üçün tanış rəqibdir. Amma bu komandaya qarşı keçirdiyimiz oyunların statistikası heç də ürəkaçan deyil. Məsələ burasındadır ki, indiyə qədər keçirilmiş 8 oyunda yalnız 1 qələbəyə sevinmişik. Millimiz isə əvvəlki oyunlarda estonlara 3 dəfə uduzub. Qalan 4 oyun heç-heçə yekunlaşıb. Lakin indiyə qədər keçirilmiş oyunların hamısı yoldaşlıq görüşü olub. Bir sözlə, estonlarla ilk dəfə rəsmi bir matçda üz-üzə gələcəyik.

AÇ-2024-ün seçmə mərhələsi
F qrupu

17 iyun

20:00. Azərbaycan – Estoniya
Baş hakim: Andrey Berka (Çexiya).
Baş hakinin köməkçiləri: İvo Nadvornik, Kamil Hayek (Çexiya).
Dördüncü hakim: Dalibor Çerni (Çexiya).
VAR: Benua Millo (Fransa).
AVAR: Miroslav Zelinka (Çexiya).
Hakim-inspektor: Alon Yefet (İsrail).
Bakı, “Dalğa Arena”.

Xal: Avstriya – 6. Belçika – 3. İsveç – 3. Estoniya – 0. Azərbaycan – 0.

Xəbəri sosial şəbəkələrdə paylaş: