Türkiyənin “Alanyspor” klubundan ayrılandan bəri işsiz olan italiyalı mütəxəssis Françesko Farioli bundan sonra Fransada çalışacaq.
Arena.az xəbər verir ki, 34 yaşlı mütəxəssis “Nitsa”nın baş məşqçisi təyin olunub.
Bu barədə Liqa 1 təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. Onunla müqavilənin müddəti 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.
Farioli “Nitsa”da bu ilin yanvar ayında istefaya göndərilmiş Lüsyen Favrı əvəz edib. Hansı ki, həmin dövrdən bəri bu komandanı müvəqqəti olaraq Didye Diqar çalışdırırdı. “Nitsa” geridə qalan mövsümü 38 oyuna topladığı 58 xalla 20 iştirakçı arasında 9-cu pillədə başa vurub.
Xatırladaq ki, Françesko Farioli 2021-ci ilin 31 dekabrından “Alanyaspor”a rəhbərlik edirdi. O, bu komandadan 2023-cü ilin fevralında ayrılmışdı. “Alanyaspor”da daha öncə köməkçi-məşqçi kimi də çalışmış Farioli, Türkiyədə “Fatih Karagümrük”ün də baş məşqçisi olub.
“Nitsa” təcrübəli yarımmüdafiəçisi Morqan Şnederlenlə də yollarını ayırıb. Fransadan olan 33 yaşlı futbolçunun klubla müqaviləsinin müddəti bitdiyi üçün azad agentə çevrilib. Yarımmüdafiəçi 2020-ci ilin yayından formasını geyindiyi “Nitsa”da cəmi 59 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Strasburq”, “Sauthempton”, “Mançester Yunayted”, “Everton” kimi klublarda da forma geyinib. Yarımmüdafiəçi son mövsümü icarə əsasında Avstraliyanın “Vestern Sidney Uonderers” klubunda icarədə keçirib. O, Fransa yığmasında da 15 oyun keçirib.
“Nitsa” Rumıniyadan olan hücumameyilli yarımmüdafiəçisi Rareş İlieni də “Lozanna-Sport”a icarəyə verib. 20 yaşlı futbolçunun qarşıdakı mövsümün sonuna kimi icarədə olacağı açıqlanıb. Buxarest “Rapid”indən 2022-ci ilin yayında transfer olunmuş gənc futbolçu “Nitsa”nın əsas komandasında cəmi 8 oyun keçirib.



