Futbol üzrə Anqola yığmasının və Belçikanın “Brügge” klubunun sağ cinah müdafiəçisi Klinton Mata Lion “Olimpik”inə transfer olunub.
Arena.az xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb.
Liqa 1 təmsilçisi bu transferə görə “Brügge”yə 5 milyon avro ödəyib. 30 yaşlı müdafiəçi ilə də 3 illik müqavilə imzalanıb.
Klinton Mata peşəkar karyerasına “Eupen”də başlayıb. Daha sonra “Şarlerua” və “Genk”də də oynamış müdafiəçi 2018-ci ildən “Brügge”nin uğurları üçün çalışırdı. O, bu komandada 197 oyun keçirib, 6 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb. Müdafiəçi Anqola yığmasında da 8 oyun keçirib.
Lion “Olimpik”i əslən Anqoladan olan fransalı yarımmüdafiəçi Skelli Alveronu da transfer edib. “Soşo”nun yetirməsi olan 21 yaşlı futbolçunun keçidi üçün 4 milyon avro ödənilib. Onunla 5 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Dayaq yarımmüdafiəçisi olan Alvero “Soşo”nun əsas komandasında 35 oyun keçirib, 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub.



