Luis Enrike: “Komanda hələ istədiyimdən uzaqdır”

PSJ-nin baş məşqçisi Luis Enrike Fransa çempionatının 2-ci turu çərçivəsində “Tuluza” ilə heç-heçəni (1:1) şərh edib.

Arena.az “RMC Sport”a istinadən Luis Enrikenin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Aydındır ki, bu, məyusluqdur. Bu, qalib gəlməli olduğumuz oyun idi. Mən düşünürəm ki, biz birinci hissəni pis keçirmədik. İkincidə, qol istisna olmaqla, biz nəzarəti itirdik və topla pis fəaliyyət göstərdik. Keçidlərdə daha pis oynamağa başladıq. Daha bir heç-heçə. Bəli, nəzarət çatışmırdı, xüsusən də hesab 1:0 olanda. İki ya üç şansımız var ikən, biz gerçəkləşdirmədik, bəxtimiz isə gətirmədi və biz penaltidən qol buraxdıq. Ehtiyat? Xeyr, bu, mövsümün başlanğıcıdır. Komanda hələ də istədiyimdən uzaqdır, xüsusən də hücumda. Biz işləməyə davam edəcəyik”, deyə Luis Enrike vurğulayıb.

Xatırladaq ki, Liqa 1-in 1-ci turunda da PSJ qələbə qazana bilməmişdi. Parislilər “Loryan”la oyundan qolsuz bərabərliklə ayrılmışdılar – 0:0.

Hazırda 2-ci tura yekun vurulmayıb və PSJ 8-cı yerdə qərarlaşıb. 2-ci turun başa çatması ilə parislilərin ilk onluqdan da kənarda qalacağı şübhəsizdir.

Xəbəri sosial şəbəkələrdə paylaş: