Joao Enrikes: “Qarabağ” favoritdir, amma şansımız az deyil”

“Olimpiya”nın baş məşqçisi Joao Enrikes Avropa Liqasının pley-offunda “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Sloveniya çempionunun Portuqaliyadan olan 50 yaşlı çalışdırıcısı bu gün Lyublyanada baş tutan mətbuat konfransında bunları söyləyib:

“Avropa Liqasında qrupa vəsiqənin son mərhələsində olmağımızdan məmnunuq. Futbolçular həyəcanlı və yeni çağırışa hazırdırlar. Artıq avrokuboklara öyrəşmişik, əvvəlki görüşlərlə müqayisədə daha yaxşı hazırlaşırıq. Xeyrimizə olmayan yeganə məqam yorğunluq və ardıcıl çox oyun keçirməyimizdir. Amma bu, daxili çempionatda və Avropa arenasında çıxış edən komandanın keçməli olduğu yoldur. Son çempionat görüşündən bəri daha yaxşı vəziyyətdəyik. Demək olar ki, bütün kollektiv hazırdır. Futbolçular “Qalatasaray”a qarşı matçdakından daha yaxşıdırlar”.

50 yaşlı məşqçi “Qarabağ” barədə müsbət fikirlər səsləndisə də, turnirdə yollarına davam etmək şanslarının az olmadığını düşünür: “Qarabağ”a baxanda çox yaxşı komanda görürəm. Onlar həm kollektiv, həm də fərdi şəkildə güclüdürlər. “Qarabağ” favoritdir, büdcə baxımından onlarla müqayisə oluna bilmərik. Lakin “Qalatasaray”a qarşı matçla müqayisədə şanslarımız artıb. Üstəlik, evdə çıxış edəcəyik. Əlbəttə, avrokubokların qrup mərhələlərində oynamaq təcrübəsinə malik komanda ilə qarşılaşacağıq. Ancaq qrupa vəsiqə qazanmaq şansımız “Qalatasaray” ilə dueldə olduğundan çoxdur”.

Joao Enrikes Azərbaycan çempionunun futbolçularını yaxşı tanıdığını vurğulayıb: “Məncə, “Qarabağ” keyfiyyət baxımından “Ludoqorets”lə “Qalatasaray”ın arasındadır. Kollektiv şəkildə “Ludoqorets”dən güclüdürlər, lakin fərdi olaraq təxminən eyni səviyyədədirlər. Bəzi futbolçularını vaxtilə Portuqaliyada oynadıqları üçün tanıyıram. Düşünürəm ki, bizə çox təzyiq göstərəcəklər. Bu, güclü tərəflərindən biridir. “Qarabağ”ın müdafiə xətti də yüksək səviyyədə qurulub”.

Xatırladaq ki, sabah “Stojitse” stadionunda keçiriləcək “Olimpiya” – “Qarabağ” oyununa Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. Bu komandalar arasındakı cavab qarşılaşması isə avqustun 31-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: