Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilir. Arena.az xəbər verir ki, müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 3-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Kəpəz” – “Turan Tovuz” qarşılaşması bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Gəncə klubu 800 manat cərimə edilib.
“Kəpəz” azarkeşləri tərəfindən kütləvi şəkildə oyunun rəsmi şəxslərinin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Kəpəz” klubuna xəbərdarlıq edilib.
“Mix” zona təşkil edilmədiyinə görə “Kəpəz” klubu 500 manat cərimə edilib. Zonaların tələblərinə riayət edilmədiyinə görə “Kəpəz” klubu 500 manat cərimə edilib.
“Turan Tovuz” azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə Tovuz klubu 1500 manat cərimə edilib.
“Qarabağ” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə Naxçıvan klubu 700 manat cərimə edilib.
“Sabah” – “Neftçi” oyununda “Sabah”ın 7 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Sabah” klubu 700 manat cərimə edilib. “Neftçi”nin də 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Neftçi” klubu 700 manat cərimə edilib.
“Sabah”ın baş məşqçisi Murad Musayev oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, klubu 1000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
“Sabah”ın azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Sabah” klubuna xəbərdarlıq edilib. “Neftçi” azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Neftçi” klubuna xəbərdarlıq edilib.


