Martin Minçev və Adolf Qaiç “Rizəspor”da

Futbol üzrə Bolqarıstan milli komandasının və Çexiyanın “Sparta” (Praqa) klubunun sol cinah vingeri Martin Minçev “Rizəspor”a keçib.

Arena.az xəbər verir ki, 22 yaşlı hücumçu Super Liqa təmsilçisi ilə 3 illik müqaviləyə imza atıb. Transferin digər detalları açıqlanmır.

Martin Minçev “Çerno More”nin yetirməsidir. O, 2020-ci ildə 2 milyon avro qarşılığında keçdiyi “Sparta”da 98 oyuna 13 qol və 13 məhsuldar ötürmə müəllifi olub. Minçev Bolqarıstan yığmasında 12 oyun keçirsə də, qol hesabını aça bilməyib.

“Rizəspor” Moskva ÇSKA-sının argentinalı hücumçusu Adolfo Qaiçi də heyətinə qatıb. 24 yaşlı forvard bu mövsümün sonuna kimi icarəyə götürülüb. Rusiya klubu onu daha öncə “Benevento”, “Hueska” və “Verona”ya da icarəyə verib. Argentina yığmasında 1 oyun keçirmiş hücumçu vaxtilə vətənində “San Lorenso”nun da uğurları üçün çalışıb.

Türkiyə klubu İspaniyanın “Las Palmas” komandasının sağ cinah vingeri Oskar Pinçini də heyətinə qatıb. 27 yaşlı ispan futbolçu ilə 2 illik müqavilə imzalanıb. “Deportivo”nun yetirməsi olan hücumçu Madrid “Atletiko”sunun B komandasında, “Ekstremadura”, “Fuenlabrada”, “Mirandes” kimi klublarda da forma geyinib.

“Rizəspor” Braziliyanın “Botafoqo” klubunun sağ cinah vingeri Qustavo Saueri də icarəyə götürüb. 30 yaşlı braziliyalı bu mövsümün sonuna kimi Super Liqa klubunda çıxış edəcək. O, “Botafoqo”dan öncə “Boavişta”, “Botev” (Plovdiv), “Əl-Şaab”, “Daejeon”, “Parana”, “Metropolitano”, “Qandzasar”, “Joinvill” kimi klublarda da oynayıb.

Rizə təmsilçisi iki mərkəz müdafiəçisi – Attila Moçi ilə Husniddin Aliqulovu da heyətinə qatıb. Moçi Macarıstanın “Zalaegerseq” klubundan 785 min avroya transfer olub. 23 yaşlı macar futbolçu ilə 4 illik müqavilə imzalanıb. O, daha öncə “Fehervar”, “Budaörsi”, “Haladaş” kimi klublarda da oynayıb, Macarıstanın aşağı yaş qrupları üzrə yığmalarında forma geyinib.

Husniddin Aliqulov isə Özbəkistanın “Nasaf” klubundan 400 min avro müqabilində “Rizəspor”a keçib. 24 yaşlı özbək futbolçu yeni klubu ilə 3+1 illik müqaviləyə imza atıb. Özbəkistan yığmasının da üzvü olan müdafiəçi millidə 14 oyun keçirib.

Super Liqa klubunda 1,2 milyonluq yarımmüdafiəçi və bir ayrılıq

“Rizəspor” Praqa “Sparta”sının sol cinah müdafiəçisi Kasper Höyeri də heyətinə qatıb. Onun keçidi üçün 900 min avrosundan keçən Türkiyə klubu 28 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlayıb. Höyer karyerası ərzində “Kopenhagen”, “Bronşoy”, “Lyunqbyu”, “Orhus” kimi klublarda da oynayıb, Danimarkanın U-18 və U-19 yığmalarının formasını geyinib.

Türkiyə klubunun daha bir transferi Bosniya və Herseqovina yığmasının hücumameyilli yarımmüdafiəçisi Dal Vareşanoviçdir. 22 yaşlı futbolçu “Sarayevo”dan 1,2 milyon avroya alınıb. Onunla 3+1 illik müqavilə imzalanıb. “Sarayevo”nun öz yetirməsi olan Vareşanoviç Bosniya və Herseqovina yığmasında 1 oyun keçirib.

“Rizəspor” öz yarımmüdafiəçisi Enriko Papa ilə də yollarını ayırıb. Türkiyə klubunda 17 oyuna 1 qol və 1 assistlə yadda qalan 30 yaşlı alban futbolçu azad agent statusu ilə komandanı tərk edib. Onun karyerasını harada davam etdirəcəyi bilinmir. Yarımmüdafiəçi “Rizəspor”dan öncə “Botoşani”, “Luşnya”, “Apoloniya”, “Sepsi”, “Biliş”, “Teuta”, “Tirana” kimi klubların da formasını geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: