Türkiyəli mütəxəssis Evren Alkaya qadın basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, basketbol üzrə qadınlardan ibarət yığmamız bu ilin noyabr ayında 2025-ci ildə baş tutacaq Avropa çempionatının seçmə mərhələ oyunlarında iştirak edəcək. Qarşıdan gələn oyunlara yüksək səviyyədə hazırlaşmaq üçün federasiya tərəfindən yığmamıza yeni məşqçilər korpusu təyin olunub. Belə ki, yığmamızın baş məşqçisi postuna U-16 millimizlə C Divizionunda Avropa çempionluğunu qazanmış türkiyəli mütəxəssis Evren Alkaya gətirilib. Yeni nəsil qadın basketbolçularla işləməyi əla bacaran Evren Alkayanın millimizdə iki köməkçisi də olacaq. Birinci köməkçi məşqçi, uzun illərdir ölkəmizdə yaşayan amerikalı, millinin keçmiş üzvlərini daha yaxından tanıyan Skot Mollenhauerdir. İkinci köməkçi məşqçi isə U-16 millimizdə Evren Alkayanın assistenti olmuş Aygün Eynullayevadır.



