Basketbol üzrə yeni Azərbaycan çempionatı bu tarixdə başlayacaq

Sayca 29-cu dəfə keçiriləcək basketbol üzrə Azərbaycan çempionatının (Azərbaycan Basketbol Liqası) başlama tarixi müəyyənləşib.

Arena.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 2023/2024 mövsümünə oktyabrın 22-də start veriləcək.

Ötən ildən fərqli olaraq, yarışda 10 komanda çempionluq uğrunda mübarizə aparacaq. Bunlar “Sabah”, NTD-İNDİQO (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” kollektivləridir.

Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Yeni reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayan klublar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.

Bu “altılıq”da ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.

Xatırladaq ki, qarşıdakı mövsümdə çempionat oyunlarının “Sərhədçi” İdman Mərkəzi ilə yanaşı, bölgələrdə yerləşən Olimpiya İdman Komplekslərində keçirilməsi nəzərdə tutulub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: