La Liqa təmsilçisi “Qranada” yol verdiyi qayda pozuntusuna görə cari mövsüm İspaniya Kral Kuboku uğrunda yarışdan xaric edilib.
Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.
Belə ki, “Qranada” əvəzedici komandanın 24 yaşlı qapıçısı Adrian Lopesi turnirin ilk turu çərçivəsində “Arosa” ilə oyunda (3:0) iştirak ərizəsinə salaraq, meydana buraxdığı üçün cari mövsüm Kral Kuboku uğrunda yarışdan kənarlaşdırılıb.
İspaniya Kral Futbol Federasiyasının (RFEF) intizam hakimi kluba 0:3 hesablı texniki məğlubiyyət verilməsinə qərar verib.
Oyunun başlamasına yarım saat qalmış “Qranada”ya qeyri-peşəkar futbolçu hesab edildiyi üçün meydana daxil olub oyunda iştirak etməsi yasaq edilən qapıçı Adrian Lopes haqda xəbərdarlıq edilib. Yarışların reqlamentində göstərilir ki, Kubok oyunlarında iştirak edəcək ehtiyat komanda oyunçularının yaşı 23-dən yuxarı olmamalıdır.
Oyun başa çatdıqdan sonra “Arosa” rəhbərliyi “Qranada”dan müvafiq məsələdə şikayət edib. Beləliklə, La Liqa təmsilçisi Kral Kubokunun cari mövsümündə iştirakdan məhrum edilib.
“Qranada”nın 3:0 hesabı ilə qalib gəldiyi oyunun nəticəsi ləğv edilərək, “Arosa”ya eyni hesablı texniki qələbə verilib. Üstəlik, “Qranada” 6000 avro məbləğində cərimə ödəməli olacaq.
“Arosa” isə turnirin növbəti mərhələsində mübarizə aparacaq.


