Basketbol üzrə sonuncu Azərbaycan çempionu olan “Sabah” komandasının baş məşqçisi Boban Mitev paytaxt klubundan ayrılıb.
Arena.az xəbər verir ki, Şimali Makedoniyadan olan mütəxəssis ailə vəziyyəti ilə əlaqədar öz istəyi ilə postunu tərk edib.
“Sabah” Mitevə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Boban Mitev bu il iyulun 31-də “Sabah”ın baş məşqçisi təyin olunmuşdu. Amma o, noyabrın əvvəlində paytaxt klubunun düşərgəsini tərk edərək vətəninə yollanmışdı. Həmin vaxt mütəxəssisin ailə vəziyyəti ilə əlaqədar müvəqqəti komandadan ayrıldığı açıqlanmışdı. Həmin dövrdən etibarən “Sabah”a Mitevin köməkçisi Nikola Bojinovski rəhbərlik edirdi. Görünür, Mitevin artıq geri qayıtmaqda maraqlı olmaması klub rəhbərliyinin onunla birdəfəlik vidalaşmasına gətirib çıxarıb.


