“Barselona”nın prezidenti Joan Laporta İspaniya Kral Futbol Federasiyasına (RFEF) “Real”dan şikayət ünvanlayıb.
Arena.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
Laporta “Real”ın hakimlərə qarşı davranışından narazılığını bildirmək üçün RFEF-in icraçı səlahiyyətlərini müvəqqəti yerinə yetirən Pedro Roça ilə əlaqə saxlayıb. O, israrla bildirib ki, Madrid klubunun televiziyası ispan hakimlərin oyundan sonrakı fəaliyyətlərini təhlil edərək onlara əhəmiyyətli dərəcədə təzyiqlər göstərir.
Bundan əlavə, Kataloniya klubunun prezidenti “kral klubu”nun hakimlərə etdiyi təzyiqlərlə bağlı iddiasında, hakimlər qərargahını “Real”a qarşı tədbirlər görmək məsələsində ətalətdə ittiham edib. Laporta İspaniya La Liqasını 21-ci turunun “Real” – “Almeriya” oyununda (3:2) meydan sahiblərinin xeyrinə bir neçə qərarın verildiyini xüsusilə iddia edərək, hakimin işinin yarıtmazlığını vurğulayıb.
Xatırladaq ki, həmin oyundan sonra Joan Laporta “Bernabeu”da baş verənlər dünyəvi biabırçılıqdır”, deyə car çəkib. Amma sözügedən oyunda hakimin guya “Real”a tərəf olması və 0:2 məğlub ikən “kral klubu”nun qələbəsinə “yardım” etməsi kimi iddialar oyundan sonra əsassızlığa uğrayıb. Belə ki, İspaniya Hakimlər Texniki Komitəsi baş hakimin VAR-la danışıqlarını ictimailəşdirib, həmçinin mübahisəli məqamların təhlilini ortaya qoyub. Oyunun hərəki gərginliyində və sonra qonaq klubun düşərgəsinin bu məqamlara və hakimin qərarlarına şübhəli münasibəti isə hisslərin coşğunluğu kimi qiymətləndirilib.
Hazırda “Real” La Liqada keçirdiyi 20 oyundan 51 xalla turnir cədvəlinin 2-ci pilləsində potensial lider statusundadır. La Liqaya 21 oyundan 52 xalla müvəqqəti olaraq “Jirona” başçılıq edir. “Barselona” isə 20 oyuna topladığı 44 xalla üçüncüdür.


