“Fənərbaxça”nın futbolçusu Rade Kruniç Türkiyə Super Liqasının 27-ci turunun “Konyaspor”la ev oyununda azarkeşlərin etirazı ilə üzləşib.
Arena.az xəbər verir ki, Bosniya və Herseqovinadan olan 30 yaşlı futbolçunun bu oyundakı performansı “Fənərbaxça” fanatlarının ürəyincə olmayıb.
58-ci dəqiqədə məğlub duruma düşən meydan sahiblərinin baş məşqçisi İsmail Kartal da 60-cı dəqiqədə Rade Kruniçlə Cengiz Ünderi əvəzləməyə qərar verib. Kruniçi Sebastyan Şimanski, Ünderi isə Serdar Dursun əvəz edib. Bu zaman azarkeşlərin Kruniçi fitə basması diqqətdən yayınmayıb.
Qeyd edək ki, “Fənərbaxça” 64 və 90+6-cı dəqiqələrdə vurduğu qollar sayəsində bu oyundan 2:1 hesablı əzmkar qələbə ilə ayrılıb. “Sarı-lacıvərdlilər” hazırda 70 xalla zirvədə qərarlaşıblar.
Bosniya və Hersoqovina yığmasının və “Milan”ın dayaq yarımmüdafiəçisi Rade Kruniç bu ilin yanvar ayının əvvəlində icarə əsasında “Fənərbaxça”ya cəlb olunub. Türkiyə klubu 30 yaşlı futbolçunu satınalma şərti ilə bu mövsümün sonuna (2024-cü ilin 30 iyununa) qədər icarəyə götürüb. O, İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 8 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Kruniç “Milan”a 2019-cu ilin iyul ayında “Empoli”dən, 8,6 milyon avro qarşılığında gəlib. Yarımmüdafiəçi bu komandanın heyətində meydana çıxdığı 139 oyunda 3 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub. Kruniç daha öncə “Empoli”dən başqa “Doni Srem”, “Borats” və “Sutyeska” kimi komandalarda da forma geyinib. Bosniya və Herseqovina yığmasının kapitanı olan Rade, milli komandada 32 oyun keçirib, 4 qola imza atıb.
Bahar Rüstəmzadə


