“Fulhem”in braziliyalı mərkəz hücumçusu Rodriqo Munis mart ayında İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu seçilib.
Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.
Munis geridə qalmış mart ayında Premyer Liqanın 4 oyununda 4 qol vurub və 1 məhsuldar ötürmə vedib.
Rodriqo Munis “Flamenqo”nun yetirməsidir. Hücumçu bir müddət “Koritiba”da icarədə oynayıb. “Fulhem” Munisi 2021-ci ilin avqustunda 8 milyon avro müqabilində elə, “Flamenqo”dan heyətinə qatıb və bir müddətə “Midlsbro”ya icarəyə göndərib. Munisin “Fulhem”lə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Munis “Fulhem”in heyətində bütün yarışlarda 27 oyuna 9 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. O, bu komandanın heyətində bütövlükdə 55 oyuna çıxıb, 14 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Rodriqo Munis Braziliya milli komandasına dəvət almayıb.
Munisin qənimətlər muzeyində “Flamenqo” ilə Braziliya A Seriyasının çempionluğu (2020), Braziliya Super Kuboku (2021) və “Fulhem”lə 2021/2022 mövsümü İngiltərə Çempionşipi çempionluğu var.
“Transfermarkt” internet-portalı 22 yaşlı mərkəz hücumçusunun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.
Sonda onu da xatırladaq ki, Munis “Fulhem”in cari mövsümdə Premyer Liqanın ən yaxşısı seçilən ilk futbolçusudur. Əvvəlki aylarda ən yaxşı seçilmiş oyunçular bunlardır:
Avqust 2023 – Ceyms Meddison (Tottenhem)
Sentyabr 2023 – Son Hın Min (Tottenhem)
Oktyabr 2023 – Məhəmməd Salah (Liverpul)
Noyabr 2023 – Harri Maquayr (Mançester Yunayted)
Dekabr 2023 – Dominik Solanek (Bornmut)
Yanvar 2024 – Dioqo Jota (Liverpul)
Fevral 2024 – Rasmus Höylund (Mançester Yunayted)


