Premyer Liqanın 26-cı turundan təxirə salınmış oyunda “Çelsi”nin “Tottenhem” üzərində qələbəsi (2:0) “Liverpul”un xeyrinə işləyib.
Arena.az məlumat verir ki, bu nəticə “qırmızılar”ın növbəti, 2024/2025-ci illər mövsümündə UEFA Çempionlar Liqasında iştirakını rəsmiləşdirib.
Beləliklə, Mersisayd klubu 2023/2024 mövsümünün sonunda İngiltərə Premyer Liqasının yarış cədvəlində 4-cü yerdən aşağı düşməyəcək.
Hazırda “Tottenhem” 34 oyundan 60 xalla Premyer Liqanın yarış cədvəlində 5-ci pillədə qərarlaşıb və 35 oyundan 75 xalla 3-cü pillədə qərarlaşmış “qırmızılar”a çata bilməyəcək. “Liverpul”un Premyer Liqa çempionluğu uğrunda mübarizəsini bitmiş hesab etmək olar. Belə ki, “qırmızılar”ın taleyi öz əlində deyil və nəzəri imkanlarının yalnız möcüzəvi təzahürü ilə “Liverpul” cari mövsüm İngiltərə çempionluğunu bayram edə bilər. Bu isə feli olaraq artıq gerçək görünmür.
Premyer Liqa çempionluğu uğrunda mübarizə indi, ötən mövsümdə olduğu kimi, “Mançester Siti” və “Arsenal” arasında gedir. Hazırda 35 oyundan 80 xalla “topçular” yarış cədvəlinin zirvəsində şərti lider mövqeyində qərarlaşıblar. “Mançester Siti” isə 34 oyundan 79 xalla mümkün lider mövqeyində “Arsenal”ı qarabaqara təqib edir.
Vurğulayaq ki, “Liverpul” cari mövsümdə Çempionlar Liqasında iştirak etməyib.
Xatırladaq ki, növbəti UEFA Çempionlar Liqasında 32 deyil, 36 komanda iştirak edəcək və yarış yeni tərtibat əsasında keçiriləcək.


