Çempionlar Liqasının finalında Dortmund “Borussiya”sına qarşı oyun (2:0) “Real”ın braziliyalı vingeri Vinisius Junior üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, Vinisius bu oyunda “qaymaqlılar”ın qələbəsinə vurduğu qolla töhfəsini verib.
“Opta Sports” statistik internet-portalının təqdim etdiyi məlumata görə, Vinisius Çempionlar Liqasının final oyunlarında 1-dən çox qol vurmuş ilk braziliyalı futbolçu olub.
Vinisius Çempionlar Liqasının finalında ilk qolunu 2021/2022-ci illər mövsümünün “Liverpul”a qarşı final oyunda vurub. O, həmin oyun “Real”ın 1:0 hesablı qələbəsini təmin edib.
Həmçinin Vinisius bu final oyununda 8 driblinq tamamlayıb ki, bu da 2015-ci ildə “Yuventus”la oyunda 10 driblinq etmiş argentinalı hücumçu Lionel Messidən sonra Çempionlar Liqasının finalında ən yaxşı nəticədir.
Mövsüm boyu göstərdiyi yüksək səviyyəli oyunu müqabilində hazırda Vinisius Junior “Qızıl top”a ən gerçək namizəddir.
Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı vinger “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro müqabilində elə, “Flamenqo”dan keçib. Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə “Vinni” madridlilərin heyətində bütün yarışlarda 39 oyuna çıxıb, 24 qol və 11 məhsuldar ötürmə ilə fərqlənib.
Vurğulayaq ki, “Vinni” mövsümün xeyli hissəsini zədəli olub.
Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi isə belədir: 264 oyun, 83 qol, 75 məhsuldar ötürmə.
“Vinni” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023), FIFA Klub Dünya Kubokunun (2019, 2023) qalibi olub.
Vinisius Junior 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 28 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə verib. “Vinni” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 23 yaşlı braziliyalı sol vingerin transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.


