AÇ-2024-də yeni rekordlar və antirekordlar

Avropa çempionatının (AÇ-2024) 3-cü turunun “C” və “D” qruplarında keçirilmiş oyunlarında bəzi rekordlar və antirekordlar qeydə alınıb.

Arena.az bu məqamları təqdim edir:

– “D” qrupunun Fransa – Polşa oyununda (1:1) polyak mərkəz hücumçusu Robert Levandovski penaltidən fərqlənməklə, portuqal hücumçu Kristiano Ronaldo və xorvat yarımmüdafiəçi Luka Modriçin rekordunu təkrarlayıb. Adları çəkilən futbolçular 4 Avropa çempionatında fərqləniblər. Ronaldo isə hətta 5 qitə birinciliyində fərqlənib. Kristiano cari yarışda bu rekordunu yeniləmək imkanına da malikdir;

– Fransa – Polşa oyununda (1:1) meydana çıxmış fransalı mərkəz hücumçusu Antuan Qrizmann “xoruzlar”ın heyətində mötəbər yarışlarda (Dünya və Avropa çempionatları) 33 dəfə meydana çıxmaqla, bu göstəricidə fransalı futbolçular arasında mütləq rekorda imza atıb;

– “D” qrupunun Niderland – Avstriya oyununda (2:3) “narıncılar”ın sağ vingeri Doniell Malen Avropa çempionatları tarixində ən erkən avtoqolun müəllifi olub. Malen oyunun 6-cı dəqiqəsində topu öz qapısından keçirib;

– İngiltərə, Danimarka, Sloveniya və Serbiya yığmalarının mübarizələrini müvafiq ardıcıllıqla başa vurduqları “C” qrupunda Avropa çempionatları tarixində bir qrupun 6 oyunundan 5-də heç-heçə qeydə alınıb. Bu, müvafiq nəticə üzrə mütləq antirekorddur;

– Həmçinin “C” qrupunda keçirilmiş 6 oyunda İngiltərə, Danimarka, Sloveniya və Serbiya yığmaları ümumilikdə 7 qol vurublar. Bu isə daha bir antirekordun təkararlanması ilə əlamətdar olub;

– İngiltərə yığmasının qapıçısı Cordan Pikford mötəbər yarışlarda (Dünya və Avropa çempionatları) meydandan 11-ci dəfə “quru” ayrılıb. Bu, İngiltərə yığmasının qapıçıları arasında mütləq rekorddur;

– Serbiya yığması Danimarka yığması ilə qrup mərhələsinin 3-cü turunda “quru” (0:0) hesabla başa vurduğu oyunda rəqib qapısına cəmi 6 zərbə endirib., Bu da öz növbəsində Serbiya yığmasının Yuqoslaviyanın süqutundan sonra müstəqil çıxışa başladığı Avropa çempionarlarında mütləq antirekordudur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: