Yuri Qura: “Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Şerif”in baş məşqçisi Yuri Qura Avropa Liqasında 1-ci təsnifat mərhələsinin “Zirə” ilə cavab oyunu öncəsi fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, Moldova təmsilçisinin çalışdırıcısı bu gün Bakıda baş tutan mətbuat konfransında bunları dilə gətirib:

“Komandamızda kifayət qədər moldovalı futbolçu var. Sadəcə, yarışın statusu fərqlidir deyə, Avropa səviyyəli futbolçulara üstünlük vermək qərarına gəlmişəm. Bakıda hava çox istidir. Bizdə də istidir. Sadəcə, burada nəmişlik daha çoxdur.

Əyyub Allaşdan müəyyən fikirlər almışdım. Azərbaycan futbolu haqda məlumat vermişdi. “Zirə” ilə bağlı isə standart vəziyyətlərdəki davranışlarından danışdı.

Deməzdim ki, “Zirə”dən qorxmuşduq. Püşk “Zirə”ni çıxardı. Biz evdə oynadıq, uduzduq. Amma sabah da oyun var. Sabah bu nəticəni düzəltməyə çalışacağıq.

Favorit sayılmağımız komandaya heç bir təsir etmir. Biri var ki, favorit sayılmaq, biri də var meydanda bunu sübut etmək. Təbii ki, “Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik. Bunu sübut etmək niyyətindəyik. Sabah oyunumuz var. Hər məşqçi və hər klub prezidenti qələbə qazanmaq istəyir.

Rəşad Sadıqovu çox yaxşı tanıyırıq. Köməkçim onunla Türkiyədə oynayıb. Ondan da kifayət qədər məlumat əldə etmişik. Püşk bəlli olandan sonra dərhal ilk işimiz rəqibi və baş məşqçini analiz etməkdir.

Bakıya ilk gəlişimdir. 2001-ci ildə Qazaxıstanda, “Aktau”da oynayanda, Bakıya o tərəfdən baxırdım.

Bütün ssenariləri düşünmüşük və müvafiq hazırlıqlarımızı görmüşük”.

Yuri Qura ilə yanaşı, “Şerif”in yarımmüdafiəçisi Peter Ademo da mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Bir həftə ərzində məşq etdik. Xüsusilə də ilk oyundakı səhvlərin üzərində işləmişik. Əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə çıxaq.

Komanda şəklində bilirdik ki, çətin rəqib olacaq. Hazırlığımız da komanda üzərində qurulub, fərdlər üzərində deyil. Artıq bir aydır ki, birlikdəyik. Gündən-günə daha da artırırıq.

Bakının bu qədər gözəl olacağını gözləmirdim. Azərbaycan klublarından isə təklif almamışam”.

Xəbəri sosial şəbəkələrdə paylaş: