“İnter”in prezidenti Cüzeppe Marotta “neradzurri”nin argentinalı hücumçu Lautaro Martineslə müqavilə müddətini uzatdığını bildirib.
Arena.az “Sky Sports” dərgisinə istinadən, Marottanın bu barədə məlumatını təqdim edir:
“Lautaro Martines klubla yeni müqavilə imzalayıb, hər şey hazırdır. Bu, yaxın həftələrdə rəsmən açıqlanacaq”, deyə Cüzeppe Marotta vurğulayıb.
Xatırladaq ki, daha əvvəl məşhur italyan jurnalist-insayder Fabritsio Romanonun əldə etdiyi məlumatda, “İnter”in Lautaro Martineslə müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulmuş müqavilə imzaladığını bildirilmişdi. Həmçinin “neradzurri”nin argentinalı hücumçuya mövsümə 9 milyon avro məbləğində maaş kəsdiyi və əlavə üstəliklər təyin etdiyi deyilir.
Lautaro Martines “İnter”ə 2018-ci ilin iyulunda 25 milyon avro məbləğ müqabilində Avelyaneda “Rasinq”indən keçib. Martinesin “İnter”lə cari müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib. Argentinalı hücumçu artıq geridə qalmış 2023/2024-cü illər mövsümündə bütün yarışlarda “İnter”in heyətində 44 oyuna çıxıb, 27 qol vurub, 7 məhsuldar ötürmə verib.
Lautaronun “neradzurri”nin heyətində çıxışının ümumi mənzərisi isə belədir: 282 oyun, 129 qol, 43 məhsuldar ötürmə.
Martines “neradzurri” ilə 2 dəfə İtaliya A Seriyasını, 2 dəfə İtaliya Kubokunu və 3 dəfə də İtaliya Super Kubokunu qazanıb, ötən 2022/2023-cü illər mövsümündə isə UEFA Çempionlar Liqasının finalçısı olub.
Lautaro Martines 2018-ci ilin martında debüt etdiyi Argentina yığmasının heyətində 64 oyuna çıxıb, 29 qol vurub, 8 məhsuldar ötürmə verib. Hücumçu 2021-ci və 2024-cü illərdə Amerika Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022-ci il Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.


