“Barselona” prezidenti Joan Laporta Çempionlar Liqasında “Bayern”lə oyundan əvvəl “blauqrana”nın baş məşqçi Hansi Flikə müraciət edib.
Arena.az məlumat verir ki, ispan məmur alman mütəxəssisin “Barselona”ya “borclu” olduğu qənaətindədir.
Laporta Hansi Flikin çalışdırdığı “Bayern”in 2019/2020-ci illər mövsümündə Çempionlar Liqasının 1/4 finalında “Barselona”nı 8:2 hesabı ilə kötəklədiyi oyunu əsas gətirərək, alman mütəxəssisə səslənib:
“Flik, sənin bizə borcun var. Böyük hesabla qələbə qazanmaq əla olardı, amma istənilən qələbə də adi nəticə olardı”, – AS dərgisi Laportadan sitat gətirir.

Xatırladaq ki, alman mütəxəssisin klub futbolu səviyyəsində uğurları Almaniya nəhəngi “Bayern”in adı ilə bağlıdır. Flik “Bayern”lə Almaniya Bundesliqasının (2019/2020, 2020/2021), Almaniya Kubokunun (2019/2020), Almaniya Super Kubokunun (2020), Çempionlar Liqasının (2019/2020), UEFA Super Kubokunun (2020), FIFA Klub Dünya Kubokunun (2020) qalibi olub.
Hans-Diter Flik “Mançester Siti”nin baş məşqçisi, ispan mütəxəssis Xosep Qvardiola yanaşı sekstupl qazanmış iki mütəxəssisdən biridir. 2019/2020 mövsümündə “Bayern”lə müvafiq uğura imza atıb – Almaniya Bundesliqasını, Almaniya Kubokunu, Almaniya Super Kubokunu, Çempionlar Liqasını, UEFA Super Kubokunu, FIFA Klub Dünya Kubokunu qazanıb.
Hansi Flik cari ilin iyulunda “Barselona”nın sükanı arxasında ispan mütəxəssis Xavini əvəzləyib. Alman mütəxəssisin Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Flikin qarşısında bir məqsəd qoyulub – “Barselona”nı dirçəltmək və klubun iddiasını ortaya qoymaq.
Rəhbərliyi müddətində Flikin “Barselona”sı 12 oyuna 10 qələbə qazanıb və 2 oyunda məğlub olub. “Blauqrana”nın top fərqi isə 39:12 nisbətindədir.
İspaniya La Liqasının 10 turundan sonra “Barselona” 27 xalla yarış cədvəlinin zirvəsində qərarlaşıb.
Xatırladaq ki, Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turu çərçivəsində “Barselona” – “Bayern” oyunu bu gün – oktyabrın 23-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.


