“Yuventus”un və Fransa millisinin yarımmüdafiəçisi Adrien Rabyo cari mövsümün sonunda azad agent qismində PSJ-yə mümkün qayıdışından danışıb.
Arena.az Rabyonun bu barədə fikirlərini təqdim edir:
“PSJ-yə qayıtmaqmı? Bir tərəfdən parislilər üçün oynamağı xatırlamaq xoşdur. Ancaq hər şeyin sonda necə bitdiyini biləndə çətinləşir. Bir məqamı deyəcəyəm – heç vaxt heç bir qapını bağlamamalısan… Hər halda, PSJ-yə qayıtmaq mənim ilk seçimim olmayacaq”.
Adrien Rabyo 2019-cu ilin iyul ayından “Yuventus”da çıxış edir. O, Turin təmsilçisinin heyətində meydana çıxdığı 201 oyunda 21 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
Fransız futbolçu daha öncə PSJ (226 oyun, 24 qol, 14 assist) və “Tuluza”da (13 oyun, 1 qol, 3 assist) da forma geyinib.
Rabyo 2018-ci ildə Fransa milisi ilə dünya çempionatının qalibi olub. O, ölkəsinin yığmasında 42 oyuna çıxıb, 4 qola imza atıb, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” internet portalı Rabyonu 40 milyon avro məbləğində qiymətləndirir.


