Madrid “Atletiko”sunun 35 yaşlı mərkəz müdafiəçisi Aksel Vitsel “döşəkçilər”in düşərgəsindəki gələcəyi ilə bağlı sualı cavablayıb.
Arena.az belçikalı futbolçunun bu barədə cavabını təqdim edir:
“Hazırda “Atletiko” ilə yeni müqaviləni müzakirə edirik. İndi mən AÇ-2024-ə qayıtmaq istəyirəm. Məqsədim klubda qalmaqdır. Madriddə özümü yaxşı hiss edirəm, ailəm də eləcə”, deyə Vitsel bildirib.
Xatırladaq ki, futbol üzrə Belçika millisinin yarımmüdafiəçisi Madrid “Atletiko”suna 2022-ci ilin iyul ayında qovuşub. Onun İspaniya təmsilçisi ilə müqaviləsinin müddəti bu ilin 30 iyununa kimidir.
Aksel “Atletiko”ya Almaniyanın “Borussiya” (Dortmund) klubundan azad agent kimi gəlib. 35 yaşlı mərkəz müdafiəçisi La Liqa təmsilçisində indiyə qədər 94 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Belçika millisinin üzvü əvvəllər “Borussiya”dan başqa “Standard” (Lyej), “Benfika”, “Zenit” və “Tianjin Quanjian” klublarının da formasını geyinib.
Aksel 2008-ci ilin mart ayında debüt etdiyi Belçika yığma komandasında 130 matç keçirib. Təcrübəli futbolçu bu görüşlərdə 12 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 35 yaşlı müdafiəçinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.


