Alvaro Arbeloa – “Fulhem”in yeni baş məşqçisi!

Madrid “Real”ının sabiq baş məşqçisi, ispaniyalı mütəxəssis Alvaro Arbeloa bundan sonra İngiltərənin “Fulhem” komandasına rəhbərlik edəcək.

Arena.az bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

43 yaşlı çalışdırıcı ilə 2028/2029-cu illər mövsümünün sonunadək nəzərdə tutulmuş müqavilə imzalanıb.

Arbeloa 2026-cı ilin yanvarından Madrid “Real”ına rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda 28 rəsmi oyunda 18 qələbə qazanıb, 8 dəfə məğlub olub, 2 görüş isə heç-heçə başa çatıb. İspan mütəxəssis iyunun 9-da Madrid klubundan ayrılmışdı. O, bu vəzifədə mövsümün əvvəlində komandaya rəhbərlik etmiş Xabi Alonsonu əvəzləmişdi.

Alvaro Arbeloa məşqçilik fəaliyyətinə də “Real”ın sistemində başlayıb. O, 2020-ci ildən etibarən Madrid klubunun müxtəlif yaş qruplarını çalışdırıb, 2025-ci ildə isə gənclər komandasının baş məşqçisi olub.

Futbolçu karyerası ərzində Arbeloa 2001-ci ildən “Real”ın akademiyasında yetişib. Daha sonra “Deportivo”, “Liverpul” və “Vest Hem” klublarında çıxış edib. 2009-cu ildə yenidən “Real”a qayıdan sabiq müdafiəçi Madrid təmsilçisinin heyətində iki dəfə UEFA Çempionlar Liqası, bir dəfə İspaniya çempionluğu, iki dəfə İspaniya Kuboku, həmçinin UEFA Super Kuboku və Klublararası Dünya Çempionatının qalibi olub.

İspaniya millisinin heyətində 58 oyun keçirmiş Arbeloa 2010-cu il dünya çempionatının, həmçinin 2008 və 2012-ci illər Avropa çempionatlarının qalibi adını qazanıb.

Qeyd edək ki, “Fulhem” ötən mövsüm İngiltərə Premyer Liqasını 11-ci pillədə başa vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: