Antonio Rüdiger: “Almaniya yığması Avropa çempionu ola bilər”

“Real”ın və Almaniya yığmasının müdafiəçisi Antonio Rüdiger qarşıdan gələn Avropa çempionatı (AÇ-2024) ilə bağlı gözləntilərini paylaşıb.

Arena.az almaniyalı futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Komanda olaraq çıxış etməyi və nəticə əldə etməyi gözləyirəm. Bunu etsək, o zaman azarkeşlər də bizi dəstəkləyəcəklər. Ən son beynəlxalq oyunlara baxın. Hiss edilir ki, biz indi Avropa çempionu ola bilərik. İki ay əvvəl hər şey dağıntılar altında idi”, deyə Rüdiger xatırlayıb.

Rüdiger yığma komandaya qayıtmağa qərar vermiş yarımmüdafiəçi Toni Kroosun Almaniya millisi üçün əhəmiyyətindən də danışıb:

“Bu, orkestr kimidir, o, ona rəhbərlik edir. Kroos nəbzi təyin edir. Həmişə onunla birlikdə oynaya bilərsiniz. O, həmişə sakitlik nümayiş etdirir. Nəbz 20. Toni çox vacib inşaat blokudur”, deyə Rüdiger bildirib.

Antonio Rüdiger afrikaəsillidir – atası afro-alman, anası isə Syerra-Leonedəndir. Antonio böyük futbola yetirməsi olduğu “Ştutqart” futbol akademiyasından gəlib. Buradan da 2015-ci ilin avqustunda icarə əsasında “Roma”ya transfer edilib. Tədricən oyun səviyyəsini və keyfiyyətini artırmaqda olan Rüdiger tamhüquqlu əsasda “Roma”da yerini möhkəmlədib və 2017-ci ilin iyulunda “Çelsi”yə keçib. Londonda çxışı müddətində daha da püxtələşmiş Rüdigeri 2022-ci ilin iyulunda “Real” “zadəganlar”dan azad agent qismində “oğurlayıb”. Almaniyalı müdafiəçinin “Real”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rüdiger “Real”ın heyətində bütün yarışlarda 42 oyuna 2 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənib. Almaniyalı müdafiəçinin “Real”ın heyətində çıxışının ümumi mənzərəsi belədir: 95 oyun, 4 qol, 2 məhsuldar ötürmə.

Antonio Rüdiger 2014-cü ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində bu günə qədər 68 oyun keçirib, 3 qol vurub, 4 məhsuldar ötürmə verib.

Vurğulayaq ki, Antonio “bundestim”in əsas heyətinə U-18, U-19, U-20, U-21 yığmalarından keçməklə, özünün əməksevərliyi və çalışqanlığını sübut etməyi sayəsəində düşə bilib. Rüdiger Almaniya yığması ilə 2017 FIFA Konfederasiyalar Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı almaniyalı müdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: