Aqil Nəbiyev: “Hədəfimiz Rusiyanı da yenib, çempion olmaqdır”

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-16) baş məşqçisi Aqil Nəbiyev AFFA-nın rəsmi saytına açıqlama verib.

Arena.az xəbər verir ki, U-16 millimiz bu gün 3-cü MDB Oyunları çərçivəsində Qırğızıstan yığması ilə qarşılaşıb və 4:0 hesablı qələbə sayəsində turnirin finalına yüksəlib.

Aqil Nəbiyev matçdan sonra AFFA-nın mətbuat xidmətinə açıqlamasında komandanın ikinci hissədə daha yaxşı çıxış etdiyini deyib:

“Bu, turnirdə ikinci matçımız idi. Rəqibin Tacikistan yığması ilə keçirdiyi ilk görüşü izləmiş və təhlil etmişdik. Futbolçularıma demişdim ki, bu oyun bizim üçün daha çətin olacaq. Çünki Qırğızıstan yığmasının itirəcəyi bir şey qalmamışdı və onların aqressiv olacaqlarını bilirdik. İki fərqli hissə izlədik. Birinci hissədə orta sahədə rəqibə boşluqlar verdik. Fasilədən sonra iki əvəzetməyə əl atdıq. İkinci hissədə topa daha çox nəzarət etdik, dominant oyun sərgilədik. 4 qol vurmağımıza baxmayaraq, qaçırdığımız epizodlar da oldu. Vacib qələbə qazanaraq, finala yüksəldik”.

Aqil Nəbiyev finaldakı rəqibləri Rusiya yığmasını təhlil etdiklərini söyləyib:

“Finaldakı rəqibimiz Rusiya yığması güclü komandadır. Rəqibin turnirdəki ilk oyununu təhlil etmişik. Hələ turnir başlamazdan əvvəl qarşımıza finala yüksəlmək və çempion olmaq hədəfi qoymuşduq. İlk məqsədimizə nail olmuşuq. İnanıram ki, finalda da düzgün oyun göstərərək, kuboku qazanacağıq”.

Qeyd edək ki, oktyabrın 4-də Qəbələ şəhər stadionunda keçiriləcək Azərbaycan – Rusiya oyununa saat 14:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: