Aqil Nəbiyev: “MDB oyunlarına qələbə ilə başlamaq önəmli idi”

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyev Tacikistan yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, U-16 millimiz bu gün ölkəmizdə təşkil edilmiş 3-cü MDB Oyunları çərçivəsində Tacikistan yığması ilə qarşılaşıb və 1:0 hesablı qələbəyə sevinib.

Aqil Nəbiyev matçdan sonra AFFA-nın mətbuat xidmətinə açıqlamasında qalibiyyəti torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizə və qazilərimizə həsr etdiklərini deyib:

“Bu qələbəni şəhid ailələrinə və qazilərimizə həsr edirik. Bildiyiniz kimi, 27 Sentyabr – Anım Günüdür. Futbolçularıma həmişə onu aşılayıram ki, biz qalib xalqın nümayəndələriyik. Başımız dik, alnımız açıqdır. Belə ölkədə yaşadığımız üçün fəxr edirik. Şəhidlərimiz, qazilərimiz qanı-canı bahasına torpaqlarımızı işğaldan azad ediblər. Futbolçulara da deyirəm ki, biz Azərbaycanın adını təmsil edirik. Onlar necə bayrağımızı ucaldıblarsa, biz də bunun davamını gətirməliyik”.

Aqil Nəbiyev komandanın əzmkar mübarizə apardığını söyləyib:

“Oyuna çox ciddi hazırlaşmışdıq. Yarışın bizim üçün nə qədər önəmli olduğunu bilirik. Bu gün turnirin ən yaxşı komandalarından biri ilə qarşılaşdıq. Tacikistan yığmasının bir neçə oyununu təhlil etmişdik. Onlar son olaraq Rusiya yığması ilə heç-heçə etmişdilər. Aqressiv, çox qaçan, mübarizə aparan, texniki bacarığı üstün olan kollektivdirlər. Bizim isə zədə səbəbindən heyətlə bağlı problemlərimiz var idi. Buna baxmayaraq, komandamız düzgün şəkildə mübarizə apardı. Ev tapşırığından sonra qol vurmağımız da bunu göstərir. Futbolçularımız xarakter nümayiş etdirdilər. Turnirə qələbə ilə başlamaq önəmli idi. Komandamı, azarkeşləri və futbol ictimaiyyətini təbrik edirəm”.

O, A qrupu çərçivəsində oktyabrın 1-də Qırğızıstan yığmasına qarşı keçiriləcək oyunda da qələbə qazanmaq istədiklərini vurğulayıb:

“Növbəti görüşə qədər üç gün vaxtımız var. Qırğızıstanla qarşılaşmaya da qələbə qazanmaq üçün çıxacağıq. Məqsədimiz finala yüksəlmək və çempion olmaqdır. Buna gücümüz çatar. Sadəcə olaraq, qarşıdakı matçlarda daha diqqətli çıxış etməliyik. Məsələn, bu gün 4-5 yüz faizlik qol şansını əldən verdik. Son zərbələrdəki çatışmazlıqları aradan qaldırmağa çalışacağıq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: