Çempionlar Liqasının Dortmund “Borussiya”sı ilə final oyunu “Real”ın futbolçuları Arda Gülər və Andrey Lunin üçün əlamətdar olub.
Arena.az xatırladır ki, İspaniya nəhəngi UEFA Çempionlar Liqasının 2023/2024-cü illər mövsümünün qalibi olub.
Madrid təmsilçisi iyunun 1-də Londonun “Uembli” stadionunda keçirilmiş final oyununda Almaniya təmsilçisini 2:0 hesabı ilə məğlub edərək, tarixində 15-ci dəfə Avropanın ən mötəbər klub kubokunu başı üzərinə qaldırıb.
“Kral klubu”nun ulduzları – kapitan Naço Fernandes, Daniel Karvaxal və Luka Modriç 6-cı dəfə “Real”la Çempionlar Liqasının qalibi olublar. Bu futbolçular “Real”ın 2014, 2016, 2017, 2018, 2022, 2024-cü illərdə qazandığı zəfərlərdə pay sahibi olublar.
Toni Kroos da 6-cı Çempionlar Liqasını qazanıb, amma bu qənimətlərdən birini alman yarımmüdafiəçi 2013-cü ildə “Bayern”lə əldə edib. O, qalan kubokları isə 2016, 2017, 2018, 2022, 2024-cü illərdə “Real”la qazanıb.
Beləliklə, adları sadalanmış bu futbolçular “Real”ın məşhur futbolçusu, “Kantabriya dənizinin qasırğası” ləqəbi ilə məşhur olan vinger Fransisko “Pako” Xentonun rekordunu təkrarlayıblar. Xento “Real”la 1956, 1957, 1958, 1959, 1960, 1966-cı illərdə Avropa Çempionlar Kubokunun qalibi olub.
Həmçinin Lukas Vaskes 5-ci Çempipnlar Liqasını qazanıb (2016, 2017, 2018, 2022, 2024). Xoselu isə ilk Çempionlar Kubokuna qovuşub.
“Real”ın qapıçısı Andrey Lunin isə ukraynalı futbolçular arasında ilk dəfə olaraq, ikinci Çempionlar Liqası qənimətini muzeyinə aparıb (2022, 2024).
“Real”ın gənc türk yarımmüdafiəçisi Arda Gülər isə Çempionlar Liqasının qalibi olmuş ilk türk futbolçu kimi adını tarixə yazıb.


