Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün dünya çempionatının (DÇ-2027) seçmə mərhələsində növbəti matçına çıxacaq.
Arena.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer almış millimiz Macarıstan yığması ilə qarşılaşacaq.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyuna saat 18:00-da start veriləcək. Qarşılaşmanı Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Vanya Yankoviç olacaq. Ona yan xətt hakimləri Staşa Şpur və Helena Buh kömək edəcəklər. Dördüncü hakim funksiyasını Aleksandra Çesen yerinə yetirəcək.
Xatırladaq ki, Azərbaycan millisi hazırda bu qrupda 9 xalla 2-ci pillədə qərarlaşıb. Macarıstan yığması isə 10 xalla qrup lideridir. Bu üzdən də bugünkü qarşılaşma kifayət qədər prinsipial xarakter daşıyır. Şimali Makedoniya yığmasının 3, Andorra seçməsinin 1 xalı var. Komandamız bu seçmə mərhələdə yeganə məğlubiyyətini məhz macarlara qarşı səfərdə keçirdiyi oyunda alıb – 0:1.
DÇ-2027-nin seçmə mərhələsi
C Liqası, 3-cü qrup
5 iyun
18:00. Azərbaycan – Macarıstan
Hakimlər: Vanya Yankoviç, Staşa Şpur, Helena Buh, Aleksandra Çesen
(Hamısı Sloveniya).
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.


