Bernard Mensah və Mario Qavranoviç “Kayserispor”dan getdi

Türkiyənin “Kayserispor” klubu yarımmüdafiəçisi Bernard Mensah və hücumçusu Mario Qavranoviçlə yollarını ayırıb.

Arena.az xəbər verir ki, hər iki futbolçunun klubla müqaviləsinin müddəti mövsümün sonunda bitib və onlar Super Liqa təmsilçisindən ayrılıblar.

Bernard Mensah 2018-ci ilin iyul ayında Madrid “Atletiko”sundan “Kayserispor”a gəlmişdi. Qanadan olan 28 yaşlı futbolçu bu komandada 91 oyuna çıxıb, 16 qol və 15 assist edib. Türkiyədə “Beşiktaş” və “Kasımpaşa”da da oynamış Mensah, İspaniyada “Xetafe”nin, Portuqaliyada “Vitoriya” (Gimaraynş) klublarının formasını geyinib. O, Qana yığmasında 4 oyun keçirib, 1 qol vurub.

Mario Qavranoviç isə 2021-ci ilin avqustunda Zaqreb “Dinamo”sundan Kayseriyə üz tutmuşdu. İsveçrə millisinin 33 yaşlı hücumçusu “Kayserispor”da 55 oyuna 17 qol vurub, 3 assist edib. O, İsveçrə millisində də 41 oyun keçirib, 16 qol vurub.

“Kayserispor”da geridə qalan mövsümün bitməsiylə Emrah Başsan, Lionel Karol, Məcid Hosseini və Jozef Attama ilə də müqavilələrin müddəti başa çatıb. Lakin klub rəsmiləri bu oyunçularla hələ vidalaşmadıqlarını iddia edirlər. Onların sözlərinə görə, bu oyunçularla yeni müqavilə barədə danışıqlar davam edir. Ola bilsin ki, onlar yeni mövsümdə də Kayseri təmsilçisində qalsınlar.

Xəbəri sosial şəbəkələrdə paylaş: