Türkiyənin “Beşiktaş” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, İstanbul təmsilçisini fransalı məşqçi Valeryen İsmael çalışdıracaq.
Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. 46 yaşlı mütəxəsislə bu gündən etibarən növbəti mövsümün sonuna kimi müqavilə imzalanıb. Tərəflər bu müqaviləni 2022/23 mövsümünün sonuna daha bir il artıra biləcəklər.
Valeryen İsmael son olaraq İngiltərənin “Vest Bromviç” komandasını çalışdırıb. 46 yaşlı mütəxəssis sözügedən klubdan bu ilin fevralında ayrılıb. O, daha öncə “Barnsli”, LASK, “Apollon” (Smirnis), “Volfsburq” klublarının da əsas komandalarına rəhbərlik edib.
Ötən mövsüm Sərgən Yalçının başçılığı altında çempion olan “Beşiktaş” bu mövsümün əvvəlində uğursuz nəticələr səbəbindən onunla vidalaşmışdı. Həmin dövrdən etibarən komandaya Önder Karaveli rəhbərlik edirdi. Yeri gəlmişkən, o, yeni baş məşqçinin korpusunda yer alacaq.


