Daniel Karvaxal: “Real” “Borussiya” ilə oyunda özünü üstün saymır”

“Real”ın sağ cinah müdafiəçisi Daniel Karvaxal UEFA Çempionlar Liqasının finalı öncəsi rəqib Dortmund “Borussiya”sı haqda söhbət açıb.

Arena.az Karvaxalın bu barədə fikirlərini təqdim edir:

“Çox az ssenaridə “Real” favorit deyil. Halbuki, indi özümüzü belə üstün hiss etmirik. “Borussiya” öz gücü sayəsində finala yüksəlib. O çox güclü rəqiblərini nokauta göndərib və ən çətin qrupda birinci yeri tutmağı bacarıb. Onları məğlub etmək üçün çox diqqətlə fəaliyyət göstərməliyik”, deyə Karvaxal vurğulayıb.

Xatırladaq ki, “Real” UEFA Çempionlar Liqasının 2023/2024 mövsümünün finalında Dortmund “Borussiya”sı ilə üz-üzə gələcək. İyunun 1-də Londonun “Uembli” stadionunda baş tutacaq həlledici oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Dani Karvaxal gənclik illərində “Leman”da və ardınca “Real”ın gənclərdən ibarət komandasında çıxış edib, buradan isə “Bayer”ə transfer edilib. Cəmi bircə mövsüm alman klubunda oynamış Karvaxal 2013-cü ildə “Real”a artıq püxtələşmiş bir futbolçu kimi qayıdıb və tədricən “qaymaqlılar”ın heyətində yerini möhkəmlədib. Karavaxalın “Real”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Karvaxal “Real”ın heyətində 40 oyun keçirib, 5 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Daniel “Real”la bütün mümkün klub turnirlərini qazanıb: 4 dəfə İspaniya çempionatının, 2 dəfə İspaniya Kubokunun, 3 dəfə İspaniya Super Kubokunun, 5 dəfə Çempionlar Liqasının, 4 dəfə UEFA Super Kubokunun, 5 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub.

Daniel Karvaxal 2014-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 42 oyuna çıxıb, 7 məhsuldar ötürmə verib və “qırmızı qəzəb”in heyətində 2023 UEFA Millətlər Liqasını qazanıb. Karvaxal həmçinin İspaniyanın U-19 və U-21 yığmaları ilə müvafiq olaraq AÇ-2011 və AÇ-2013 turnirlərində çempion olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı Daniel Karvaxalı 12 milyoon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: