Daniel Perets “Bayern”i “Hamburq”a dəyişdi

İsrail yığmasının və Almaniya nəhəngi “Bayern”in qapıçısı Daniel Perets yeni mövsümdə “Hamburq”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Hamburq”un mətbuat xidmətinə istinadən xəbər verir.

Sözügedən klub 25 yaşlı qolkiperi icarə müqaviləsi əsasında heyətinə qatıb. İsrailli qapıçı 2025/2026-cı illər mövsümünün sonuna qədər bu komandada çıxış edəcək. Klub Danielin bir mövsümlük icarəsi üçün “Bayern”ə 250 min avro ödəyib.

Xatırladaq ki, Daniel Perets 2023-cü ildə “Makkabi”dən (Təl-Əviv) “Bayern”ə transfer edilib. O, Münhen təmsilçisinin heyətində cəmi 7 oyuna çıxıb, 7 qol buraxıb, 2 matçda qapısını toxunulmaz saxlayıb.

Perets Təl-Əviv “Makkabi”sinin yetirməsidir. Ölkəsində Təl-Əviv “Beytar”ının da formasını geyinmiş 24 yaşlı qolkiper “Bayern”ə 2023-cü ilin avqust ayında 5 milyon avro müqabilində keçib.

Daniel Perets İsrailin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb, 2022-ci ilin noyabr ayında isə əsas millidə debüt edib. O, İsrail millisinin heyətində 7 oyuna çıxıb, 9 qol buraxıb, 3 oyunda qapısını toxunulmaz saxlayıb.

“Transfermarkt” internet-portalı 25 yaşlı qapıçının transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: