“Darmştadt” komandası 5 illik fasilədən sonra, 2023/2024 mövsümündən etibarən Almaniya Bundesliqasında iştirak etmək hüququ qazanıb. Arena.az xəbər verir ki, sözügedən komanda buna Almaniya ikinci Bundesliqasında sona bir tur qalmış ən azı ilk iki pillədən birini təmin etməklə nail olub.
Belə ki, 33-cü tur çərçivəsində doğma meydanda “Maqdeburq”la qarşılaşan darmştadtlılar bu oyunda 1:0 hesablı qələbəyə seviniblər. Yeganə qolu 36-cı dəqiqədə Fillip Tits vurub. Nəticədə bu komanda ikinci Bundesliqada ən azı ilk iki pillədən birini və elitaya vəsiqəni təmin edib.
Hazırda 67 xalla zirvədə qərarlaşan Darmştadt təmsilçisinin əsas izləyicilərindən “Haydenhaym” 61, “Hamburq” isə 60 xal toplayıb. Yalnız “Haydenhaym”ın “Darmştadt”ı zirvədən kənarlaşdırması mümkündür ki, bunun üçün sözügedən komandanın son iki matçından qalib ayrılması, hazırkı liderin isə son turda uduzması lazımdır. Amma bu, o qədər də inandırıcı görünmür. Bu üzdən “Darşmtadt”ın mövsümü elə çempion kimi başa vuracağı da şübhə doğurmur.
Bundesliqaya birbaşa vəsiqə verən ikinci yeri isə ya “Haydenhaym”, ya da “Hamburq” tutacaq. Çünki cəmi bir oyunu qalmış və 4-cü pillədə qərarlaşmış “Sankt Pauli”nin 57 xalı var və bu, sözügedən komanda üçün ikinci olmağa imkan vermir.
İkinci Bundesliqada üçüncü pilləni tutan komanda üçün də elitaya yüksəlmək şansı var. Amma bunun üçün əsas Bundesliqada 16-cı yeri tutan komanda ilə pley-off oyunlarından qalib ayrılmaq lazımdır.
Xatırladaq ki, bu, darmştadtlıların əsas Bundesliqaya dördüncü qayıdışıdır. Sözügedən komanda sonuncu dəfə 2014/2015 mövsümündə elitaya çıxsa da, 2018-ci ildə yüksək liqa ilə vidalaşmaq məcburiyyətində qalıb.
Sonda onu da xatırladaq ki, əsas Bundesliqada elitanı tərk etməyə əsas namizədlər bu komandalardır:
- Auqsburq – 34 xal
- Hoffenhaym – 32 xal
- Bohum – 31 xal
- Şalke – 30 xal
- Ştutqart – 29 xal
- Herta – 25 xal


