Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.
Arena.az xəbər verir ki, bu gün 1/16 final mərhələsinin növbəti oyunu keçirilib.
Mundialın favoritlərindən sayılan Belçika millisi 1/8 finala vəsiqə uğrunda Seneqal yığması ilə qarşılaşıb. Sietl şəhərində (Vaşinqton, ABŞ) təşkil edilmiş matçda Avropa təmsilçisi 3:2 hesablı əzmkar qələbəyə sevinib.
Seneqal yığması 25-ci və 51-ci dəqiqələrdə vurduğu qollarla çox böyük üstünlük əldə etsə də, bunu sonadək qoruya bilməyib. Belçikalılar matçın əsas vaxtının son dəqiqələrində iki qol vurmaqla ümumi hesabı bərabərləşdiriblər. Qalib isə əlavə vaxtda müəyyənləşib. Yuri Tilemans özünün ikinci, komandasının üçüncü qolunu vurmaqla Avropa təmsilçisini növbəti mərhələyə daşıyıb.
Belçika seçməsi 1/8 finalda ABŞ – Bosniya və Herseqovina cütünün qalibi ilə üz-üzə gələcək.
Xatırladaq ki, daha öncə Kanada, Braziliya, Paraqvay, Mərakeş, Norveç, Fransa, Meksika və İngiltərə yığmaları da 1/8 finala vəsiqə qazanmışdılar.
DÇ-2026
1/16 final
2 iyul
Belçika – Seneqal 3:2
Qollar: Romelu Lukaku, 86. Yuri Tilemans, 89; 120+5-pen – Həbib Diarra, 25. İsmaila Sarr, 51.


