DÇ-2026: Meksikadan maksium nəticə, CAR-dan pley-offa vəsiqə!

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, artıq daha bir qrupda – A qrupunda da mübarizəyə yekun vurulub.

Dünya çempionatının ev sahiblərindən olan Meksika millisi Çexiya yığmasını sınağa çəkibsə, Cənubi Afrika Respublikası (CAR) Cənubi Koreya seçməsi ilə üz-üzə gəlib.

Mexiko stadionunda baş tutmuş Çexiya – Meksika matçında Şimali Amerika təmsilçisi 3:0 hesablı qələbəyə sevinib. Meksikalıların heyətində 55-ci dəqiqədə Mateo Çaves Qarsiya, 6 dəqiqə sonra Xulian Kinyones yerli azarkeşləri ayağa qaldırıblar. Matçda son nöqtəni isə 90+4-cü dəqiqədə Alvaro Fidalqo qoyub.

CAR seçməsi isə Cənubi Koreya ilə Monterrey stadionunda keçirilmiş oyundan 1:0 hesablı qələbə ilə ayrılıb. 63-cü dəqiqədə Tapelo Maseko adını tabloya yazdırıb.

Qrupdakı 3 görüşünü də qələbə ilə başa vurmuş Meksika 9 xalla A qrupunu lider tamamlayıb. CAR yığması xallarının sayını 4-ə çatdıraraq qrupdan ikinci yerlə çıxıb. Tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə əldə edən komandanın bu mərhələdəki rəqibi B qrupunu ikinci sırada başa vurmuş Kanada seçməsi olacaq. Cənubi Koreya 3 xalla 3-cü olub. 1 xalla sonuncu olan Çexiya isə mundialla vidalaşıb.

Qeyd edək ki, Meksika millisi tarixində ilk dəfə dünya çempionatının qrup mərhələsində keçirdiyi hər üç oyundan qələbə ilə ayrılıb. Komanda həmçinin 1970-ci ildən bəri ilk dəfə qrup mərhələsindəki bütün görüşlərdə qapısını toxunulmaz saxlamağı bacarıb.

DÇ-2026
A qrupu
25 iyun

Çexiya – Meksika 0:3
Qollar: Qarsiya Çaves, 55. Xulian Kinyones, 61. Alvaro Fidalqo, 90+4.

CAR – Cənubi Koreya 1:0
Qol: Tapelo Maseko, 63.

Xallar: Meksika – 9. CAR – 4. Cənubi Koreya – 3. Çexiya – 1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: