Futbol üzrə Belçika yığmasının baş məşqçisi, italyan-alman mütəxəssis Domeniko Tedesko vəzifəsindən kənarlaşdırılıb.
Arena.az xəbər verir ki, bu barədə Belçika Kral Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Tərəflər əməkdaşlığı davam etdirməməyə qərar veriblər. Belçika Kral Futbol Assosiasiyası Tedeskoya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Domeniko Tedesko 2023-cü ilin fevral ayından Belçika yığmasına rəhbərlik edirdi. 39 yaşlı mütəxəssisin bu komanda ilə 2026-cı ilin iyul ayına kimi müqaviləsi var idi.
Tedesko Belçika millisinin “sükanı arxasında” 24 oyun keçirib. Komanda onun rəhbrliyi altında 12 qələbə qazanıb, 6 heç-heçə edib və 6 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Belçika yığması Tedeskonun rəhbərliyi altında AÇ-2024-ün 1/8 final mərhələsində Fransa yığmasına məğlub olaraq (0:1), Avropa çempionatı ilə vidalaşıb.
Tedesko daha öncə Rusiyada Moskva “Spartak”ını (Rusiya), Almaniyada “Leypsiq”, “Şalke” və “Ersgebirge”ni də çalışdırıb.


