Futbol üzrə Meksika yığmasının və “Ayaks”ın dayaq yarımmüdafiəçisi Edson Alvares İngiltərənin “Vest Hem” klubuna keçib.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
25 yaşlı futbolçu yeni klubu ilə 5 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə bağlayıb. “Vest Hem” bu keçidə görə Niderland nəhənginə 38 milyon avro ödəyib.
Edson Alvares “Ayaks”a 2019-cu ilin iyul ayında “Amerika”dan 15 milyon avro qarşılığında keçmişdi. O, Amsterdam təmsilçisində 147 oyuna 13 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub. Alvares Meksika yığmasında da 69 oyun keçirib, 3 qola imza atıb.
Yeri gəlmişkən, “Ayaks” sol cinah vingeri Məhəmməd Daramini də Fransanın “Reyms” klubuna satıb. Amsterdamlılar 21 yaşlı danimarkalının satışından da 12 milyon avro qazanıblar. Darami də Liqa 1 təmsilçisi ilə 5 illik müqaviləyə imza atıb.

Daha öncə yalnız “Kopenhagen”də oynamış Məhəmməd Darami “Ayaks”a 2021-ci ilin avqustunda elə 12 milyon avro qarşılığında keçmişdi. O, Amsterdam təmsilçisində 16 oyuna çıxıb, 3 qol və 3 assistlə yadda qalıb.
“Reyms” öz sol cinah vingeri Aleksi Flipi isə Belçika nəhəngi “Anderlext”ə satıb. Klub bu satışdan 3,5 milyon avro qazanıb. 23 yaşlı fransız yeni klubu ilə 5 illik müqavilə bağlayıb.
Aleksi Flip Fransanın “Lill” klubunun yetirməsidir. “Ayaçço”da da oynamış futbolçu 2020-ci ildən “Reyms”də çıxış edirdi. O, Liqa 1 təmsilçisində 65 oyuna 9 qol vurub, 10 məhsuldar ötürmənin müəlllifi olub.


