Estoniya millisi Bakı səfəri öncəsi 8 itki ilə üzləşdi

Futbol üzrə Estoniya millisi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Bakıda qarşılaşacağı Azərbaycanla oyuna ciddi itkilərlə çıxacaq.

Arena.az xəbər verir ki, rəqibimizin 8 oyunçusu Bakıdakı oyunda komandasına kömək edə bilməyəcək.

Bu barədə Estoniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, Yonas Tam, Sergey Zenyov, Artur Pikk, Maksim Paskoçi, Morko Lipp, Ken Kallaste, Henrik Pürq və Markus Somets Azərbaycanla oyunu buraxmalı olacaqlar. Müdafiəçi olan Yonas Tam şəxsi səbəblərə görə komandanın düşərgəsinə qoşulmayıb. Digər 7 oyunçu isə zədə səbəbindən bu oyunu buraxmaq məcburiyyətində qalacaq.

Xatırladaq ki, Estoniya millisi iyunun 17-də Bakıda Azərbaycan millisinin qonağı olacaq. Sözügedən komanda bu oyundan 3 gün sonra isə evdə Belçika yığmasını qəbul edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: