Fabian Delf karyerasını başa vurdu

Futbol üzrə İngiltərə milli komandasının sabiq yarımmüdafiəçisi Fabian Delf karyerasını başa vurub. Arena.az xəbər verir ki, o, 32 yaşında futboldan getməyə qərar verib.

Delf bu qərarını sosial şəbəkə hesabında açıqlayıb. Son olaraq “Everton”da forma geyinmiş dayaq yarımmüdafiəçisi, bu yay sözügedən klubdan azad agent kimi ayrılmışdı. O, özünə yeni klub tapa bilməyincə karyerasını bitirməyi üstün tutub.

Fabian Delf peşəkar karyerasına yetirməsi olduğu “Lids”də başlayıb. O, 2009-cu ildə sözügedən klubdan ayrılaraq “Aston Villa”ya keçib və uzun illər məhz bu komandada oynayıb. Yarımmüdafiəçi 2012-ci ildə icarə əsasında qısa müddətə yenidən “Lids”də forma geyinib. İngilis futbolçu 2015-ci ildə “Mançester Siti”yə keçib. Burada 4 il keçirən oyunçu 2019-cu ildən “Everton”da çıxış edirdi. Peşəkar karyerasında bütövlükdə 323 oyuna çıxmış Delf, 19 qola imza atıb. O, İngiltərə yığmasında da 20 oyun keçirib.

Yarımmüdafiəçi “Mançester Siti”nin heyətində iki dəfə (2017/18 və 2018/19) İngiltərə çempionu olub. O, İngiltərə yığmasının heyətində UEFA Millətlər Liqasında bürünc medal da əldə edib.