Fransanın daxili işlər naziri Jerald Darmanen “Əl-İttihad”ın hücumçusu Kərim Benzemanı terror təşkilatı ilə əlaqədə ittiham edib.
Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir:
“Biz hamımız bilirik ki, cənab Kərim Benzemanın “Müsəlman Qardaşlar” ilə bədnam əlaqələri olub”, deyə Darmanen bildirib.
Bundan əvvəl Benzema İsraillə hərbi münaqişə mənzərəsində Fələstin xalqına dəstəyini ifadə etmişdi:
“Nə qadınlara, nə də uşaqlara aman verməyən bu ədalətsiz bombardmanın yenidən qurbanı olan Qəzza xalqı üçün dua edirik”, – Benzema özünün “X” sosial şəbəkə hesabında yazmışdı.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağına nəzarət edən Fələstinin HƏMƏS hərəkatı İsrailə hücum edib. Qarşı tərəf hadisəni “müharibə” adlandırıb və hərbi üsulla cavab verib.
Bundan əvvəl Almaniya yığmasının türkəsilli sabiq futbolçusu Məsut Özil də İsraillə davam edən münaqişədə Fələstini dəstəklədiyini bildirib, həmçinin hər iki tərəfi hərbi əməliyyatları dayandırmağa səsləyib.


