Gündoğan: “Bir gün Türkiyə Super Liqasına qoşulacağam”

“Barselona”nın almaniyalı yarımmüdafiəçisi İlkay Gündoğan son günlər Türkiyə çempionatından özünə olan maraq mənzərəsində fikrini açıqlayıb.

Arena.az “ASpor” dərgisinə istinadən məlumat verir ki, türkəsilli futbolçu Türkiyə çempionatı klublarından birinə keçə biləcəyi ilə bağlı daha əvvəl yayılmış məlumatı cavablayıb:

“Ola bilsin ki, bir gün Türkiyə Super Liqasına qoşulacağam, amma bu yay belə olmayacaq”, deyə almaniyalı futbolçu vurğulayıb.

Daha əvvəl mətbuatda, “Fənərbaxça”nın portuqal baş məşqçisi Joze Mourinyonun Gündoğanın xidmətində maraqlı olduğu barədə məlumat yer almışdı.

Xatırladaq ki, İlkay Gündoğan “Barselona”ya 2023-cü ilin iyul ayında “Mançester Siti”dən azad agent qismində keçib. Gündoğanın Kataloniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024 mövsümündə Gündoğan “Barselona”nın heyətində 51 oyuna çıxıb, 5 qol vurub, 14 məhsuldar ötürmə verib.

İlkay 2022/2023 mövsümündə “Mançester Siti”nin İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu və UEFA Çempionlar Liqasını qazanaraq “trebl”ə imza atmasında böyük xidmətlər göstərmişdi. Gündoğan uzun illər “şəhərlilər”in kapitanı olub.

İlkay Gündoğan karyerası ərzində “Mançester Siti” və “Barselona”dan başqa “Nürnberq”, “Boxum”, “Borussiya” (Dortmund) klublarda da çıxış edib.

İlkay kapitanı olduğu, 2011-ci ilin oktyabrında debüt etdiyi Almaniya yığmasının heyətində 82 oyuna 19 qol vurub, 9 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 33 yaşlı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: