İvan Haşek – Çexiya millisinin yeni baş məşqçisi

Çexiyalı futbol mütəxəssisi, 2022-ci ilin mart ayından işsiz olan İvan Haşek Çexiya milli komandasının yeni baş məşqçisi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə Çexiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

60 yaşlı mütəxəssislə müddəti 2025-ci ilin noyabr ayına qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Çexiya millisi DÇ-2026-nın final mərhələsinə vəsiqə qazana bilsə, müqavilənin müddəti avtomatik uzadılacaq.

İvan Haşek daha öncə də Çexiya yığmasına rəhbərlik edib. Belə ki, o, 2009-cu ilin iyulundan oktyabr ayına qədər bu komandanı 5 oyuna çıxarıb. Çexlər həmin oyunlarda 3 qələbə qazanıb, 2 heç-heçə ediblər. Haşek Qabon və Livan yığmalarına da rəhbərlik edib. O, elə 2022-ci ildə Livan yığmasından ayrılandan bəri işsiz idi.

Təcrübəli mütəxəssis müxtəlif klublarda da baş məşqçi kimi çalışıb. O, “Sparta” (Praqa), “Strasburq”, “Vissel Kobe”, “Əl-Vasl”, “Sent-Etyen”, “Əl-Əhli”, “Əl-Hilal”, “Qətər”, “Fujayra”, “Emireyts Klub” kimi kollektivlərə rəhbərlik edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: