“Brayton”un qapıçısı Karl Raşuort bundan sonra İngiltərənin digər klubu, Premyer Liqanın debütantı “Koventri Siti”nin uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Koventri Siti”nin rəsmi saytına istinadən xəbər verir.
Belə ki, Raşuort ötən mövsüm icarə əsasında çıxış etdiyi “Koventri Siti”nin tamhüquqlu futbolçusuna çevrilib. Tərəflər uzunmüddətli müqavilə imzalayıblar.
“Koventri Siti” 25 yaşlı ingiltərəli qapıçının transferi üçün “Brayton”a 25,7 milyon avro ödəyib.
Xatırladaq ki, Raşuort ötən mövsüm “Koventri Siti”nin Çempionşipi qazanmasına kömək edib. Qapıçı mövsüm ərzində 46 matçda iştirak edib, 45 qol buraxıb və 17 oyunda qapısını toxunulmaz saxlayıb.
Karl Raşuort futbola “Haddersfild Taun” və “Halifaks Taun”da başlasa da, 2019-cu ildən “Brayton”un sıralarındadır. Amma o, bu müddətdə “Uertinq”, “Uolsoll”, “Linkoln Siti”, “Suonsi Siti” və “Hall Siti” kimi klublara icarəyə verilib.
İngiltərənin aşağı yaş qrupları üzrə yığmalarında da oynamış Raşuorta əsas millidə debüt qismət olmayıb.


