“Vest Hem”də çıxışı ilə məşhur, sabiq hücumçu Karlton Koul Argentina yığmasının irqi təhqirlə dolu nəğməsi ilə bağlı vəziyyəti şərh edib.
Arena.az “Daily Mail” dərgisinə istinadən məlumat verir ki, sabiq ingilis futbolçu bu məsələdə Lionel Messinin iç üzünün xoşagəlməz şəkildə ortaya çıxdığını vurğulayıb:
“Argentina yığma komandasında bəlkə də oyun tarixinin ən yaxşı futbolçusu olan Lionel Messi var. Biz Messiyə deyirik: “Danış, sözünü de”. Səni eşitmək bizim üçün vacibdir, çünki Lionel Messi Entso Fernandesdən nəhəngdir. O, kapitan və komandanın əsas adamıdır. Messi çıxıb müvafiq davranışla bağlı nəsə deməlidir.
Əks halda, onun, buna sadəcə əhəmiyyət vermədiyi ortaya çıxır. Onun, mənim nə hiss etdiyim, əvvəllər birlikdə oynadığı bəzi qaradərili futbolçuların nə hiss etdiyi vecinə deyil. Bu, sadəcə onun nə qədər eqoist olduğunu göstərir. O, açılmalı və nəsə deməlidir. Mən onu qınayıram. Messini mühakimə edirəm”, deyə Karlton Koul vurğulayıb.
Xatırladaq ki, Argentina yığmasının Amerika Kubokunda qalibiyyətindən sonra komandanın avtobusunda zəfər şənliyi zamanı, “albiseleste”nin futbolçusu Entso Fernandesin açdığı canlı yayımda argentinalı futbolçuların fransız futbolçuların ünvanına oxuduğu irqi zəmində təhqirlə müşayiət edilən nəğmə və “qəhrəman”ın bu məclisdə komandası ilə birgə həvəslə iştirakı böyük qalmaqal yaradıb.
Artıq məlum olduğu kimi, nəğmədə “Onlar Fransa üçün oynayırlar, amma hamısı Anqoladandırlar” və s. ardı əxlaqsızlıqlardan ibarət biabırçı məzmun yer alıb.
Entso Fernandes yol verdiyi biabırçığa görə üzr istəyib, amma argentinalı futbolçu ictimaiyyətin gözündən düşüb.
Hazırda məsələ FIFA-da baxışdadır. Fransa Futbol Federasiyası (FFF) Argentina Futbol Assosiasiyasına (AFA) etiraz məktubu ünvanlayıb, FIFA-ya isə bu biabırçılığa baxılması üçün şikayət ərizəsi təqdim edib.
Argentina yığmasının ulduz hücumçusu Lionel Messiyə gəlincə, kapitan susub bir kənarda durmağı mövqe seçib. “Leo”nun bu mövqeyi isə ictimai qınağa səbəb olub.


